Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində ikinci matçına çıxacaq.
Arena.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu səfərdə İsveçin “Hakken” komandası ilə qarşılaşacaq.
İsveçin Göteborq şəhərindəki “Ullevi” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
“Hakken” Avroliqanın qrup mərhələsinə məğlubiyyətlə başlayıb. Sözügedən komanda səfərdə Almaniya nəhəngi “Bayer”ə 0:4 hesabıyla uduzub. Azərbaycan çempionu isə ilk turda Norveçin “Molde” komandasını Bakıda 1:0 hesabıyla məğlub edib.
“Hakken” bu mövsüm İsveç çempionatında 25 oyuna topladığı 50 xalla 3-cü pillədə qərarlaşıb. Bu komanda lider “Malmö”dən 5 xal geri qalır. Ağdam klubu isə Azərbaycan çempionatında geridə qalmış 8 turdan sonra 16 xalla “Zirə” ilə birgə şərikli liderdir.
İsveç çempionatının ortabablarından olan “Hakken” ilk dəfə 1983-cü ildə İsveç çempionatında debüt edib. 2009-cu ilə qədər elita ilə aşağı divizion arasında get-gəl edən bu komanda ötən mövsüm çempion olmaqla tarixinin ən yaxşı nəticəsinə imza atıb. Ötən mövsüm İsveç çempionatında keçirdiyi 30 oyuna 18 qələbə, 10 heç-heçə və 2 məğlubiyyətlə yadda qalan “Hakken” tarixində ilk dəfə çempion olsa da, bu il yenə qeyri-sabit çıxışı ilə diqqət çəkir. 63 yaşlı Per Matias Hoqmonun komandası 25 oyuna 16 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə 3-cü sıradadır.
Qeyd edək ki, bu gün qrupun digər matçında “Bayer” “Molde”nin qonağı olacaq.
Avropa Liqası
H qrupu, 2-ci tur
5 oktyabr
23:00. “Hakken” – “Qaarabağ”
Baş hakim: Sebastyan Qişamer.
Baş hakimin köməkçiləri: Roland Ryedel, Santino Şreyner.
Dördüncü hakim: Stefan Ebner.
VAR: Kristian-Petru Çioirça.
AVAR: Aleksander Harkam (hamısı Avstriya).
Göteborq. “Ullevi” stadionu.


