Meyson Qrinvuda Yamayka yığmasında oynamaq təklif edildi

Yamayka yığmasının island baş məşqçisi Heymir Hadlqrimsson “Xetafe”nin ingilis sağ cinah vingeri Meyson Qrinvuda çağırış ünvanlayıb.

Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, Hadlqrimsson Qrinvudu Yamayka yığmasının xeyrinə seçim etməyə səsləyib:

“Biz komandamızda ən yaxşı istedadların olmasını istərdik. Mən Qrinvudun Premyer Liqa ulduzları İtan Pinnok, Demaray Qrey və Maykl Antonionun izi ilə getməsini və Yamayka üçün oynamasını istəyirəm. O, əvvəlki formasını və əvvəlki səviyyəsini qaytararsa, yəqin ki, Yamaykaya kömək edə bilər”, deyə Hadlqrimsson bildirib.

Xatırladaq ki, Qrinvud 2020-ci ilin sentyabrında İngiltərə yığmasında debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi oyunda meydanda 12 dəqiqə keçirib. Bu, Qrinvudun yığmada hələ ki, ilk və yeganə çıxışıdır. Bununla belə, Qrinvudun Yamayka yığmasında çıxış etməsi mümkündür, sadəcə futbolçu müvafiq seçmini etməlidir.

Qrinvud “Mançester Yunayted”in yetirməsidir və 2018-ci ildən əsas komandada çıxış edirdi. Qrinvud 2022-ci ilin 30 yanvar tarixindən rəsmi oyunlarda iştirak etməyib. Meyson zorlamaya cəhd və hücumda şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox “qırmızı şeytanlar”ın heyətində oynamayıb.

Ümumilikdə isə Meyson “qırmızı şeytanlar”ın heyətində 129 oyuna çıxıb, 35 qol vurub, 12 məhsuldar ötürmə verib.
Qrinvuda qarşı cinayət işinə 2023-cü ilin fevralında xitam verilsə də, o, komandanın məşqlərindən və oyunlarından uzaqlaşdırıldığı üçün futboldan kənarda qalmalı olub. Bu yay futbolçu, onu zorlamada ittiham edən qadından uşaq sahibi – ata olub.

Bu xoşagəlməz məsələ ilə bağlı daxili təhqiqatına yekun vurmuş “Mançester Yunayted” Qrinvudla əməkdaşlığına qarşılıqlı surətdə xitam verdiyi haqda qərarını açıqlamışdı. Öz növbəsində, təqsirini dərk etmiş Qrinvud “qırmızı şeytanlar”ın rəhbərliyinin müvafiq qərarı ilə razılaşıb. Gənc futbolçunun karyerasını “Mançester Yunayted”dən kənarda davam etdirməsi daha düzgün hesab edilib.

Beləliklə, Qrinvud 2023/2024 mövsümünü icarə əsasında “Xetafe”də keçirir. Tərəflər arasındakı müqavilə 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfer hüquqlarının məxsus olduğu “Mançester Yunayted”lə isə Qrinvudun 2025-cilin iyun ayının sonuna qədər müqaviləsi var.

Cari mövsümdə Qrinvud “Xetafe”nin heyətində 5 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: