Braziliya millisinin superulduzu, hücumçu Neymar xoşagəlməz hadisə ilə üzləşib və buna qəzəb və təhqirlə cavab verib.
Arena.az məlumat verir ki, Braziliya millisinin Venesuela yığmasına qarşı keçirdiyi oyundan sonra meydanı ahəstə addımlarla tərk edən Neymarın başına qarşıdakı tribunadan popkorn qabı tolazlanıb.
Qab Neymarın kəlləsinin düz ortasına dəyib, popkorn ətrafa səpələnib. Videodan göründüyü kimi, bu məqam çox qara yumor mənzərəsi yaradıb. Pərtlikdən karıxaraq qəzəblənmiş superulduz aqressiv davranışla tribunadakı azarkeşi hiddətlə hədələyib.
“Bu cür hərəkətləri pisləyirəm, bunlar futbola ziyan vurur. Belə işlərlə məşğul olan insan, oğlunu ən yaxşı şəkildə tərbiyə edə bilməz. Əgər o, bu qədər narazıdırsa, mənim yerimə məşq edib meydana çıxmalı idi”, deyə Neymar “Foot Mercato”ya müsahibəsində bildirib.
Xatırladaq ki, DÇ-2026-nın CONMEBOL zonası təsnifat mərhələsinin 3-cü turu çərçivəsində keçirilmiş Braziliya – Venesuela oyununda (1:1), qonaqlar gözlənilmədən “selesao”dan bir xal qopara biliblər.
Hazırda Braziliya millisi seçmə mərhələnin turnir cədvəlində 7 xalla 2-ci pillədə qərarlaşıb. Bu komanda lider Argentina yığmasından 2 xal geri qalır.


