Nikola Zalevski sarı vərəqə alacağına mərc edib

İtaliya çempionatının ötən mövsümündə “Roma”nın yarımmüdafiəçisi Nikola Zalevski “Salernitana” ilə oyunda sarı vərəqə alacağına mərc edib.

Arena.az bu barədə “Calciomercato”ya istinadən məlumat verir.

“Roma” 2022/2023 mövsümü A Seriyasının 36-cı turu çərçivəsində “Salernitana” ilə qarşılaşıb. 2:2 hesabı ilə başa çatmış oyuna əlavə edilmiş 4-cü təzminat dəqiqəsində Zalevski elə, mərc kəsəndə dediyini edərək sarı vərəqə alıb.

Mənbənin məlumatına görə, 21 yaşlı futbolçunun anası daha əvvəl İtaliya yığmasının futbolçuları Sandro Tonali və Nikolo Zaniolonun qanunsuz mərc oyunlarında iştirak etməsi barədə məlumat vermiş italyan jurnalist Fabrisio Koronadan bu işdə oğlunun da əli olduğunu mətbuata açıqlamamağı xahiş edib.

Vurğulayaq ki, Federal Prokurorluq hazırda qanunsuz oyun platformalarında qeyri-qanuni mərc qoyuluşları edən bir çox futbolçuların profillərinə giriş imkanı əldə edə bilmiş müstəntiqlərin köməyi ilə idamana yaraşmayan bu işdə iştirak etmiş “qəhrəmanlar”ı bir-bir “dənləməklə” məşğuldur.

Xatırladaq ki, Nikola Zalevski “Roma”nın yetirməsidir. 21 yaşlı sol cinah müdafiəçisi 2021-ci ilin yayından “canavarlar”ın əsas komandasında forma geyinir. Polşalı futbolçu bu komandada 79 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Zalevski Polşa yığmasında da 12 matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: