“Kordova”nın 18 yaşlı futbolçusu Alvaro Prietonun elektrik cərəyanı vurması nəticəsində öldüyü təsdiqlənib.
Arena.az bu barədə EFE dərgisinə istinadən məlumat verir.
Cəsəd oktyabrın 16-da Santa-Xusta dəmir yolu stansiyasının texniki xidmət sahəsində iki vaqonun arasında tapılıb. Sevilya Məhkəmə Tibb İnstitutunda (IML) aparılmış yarılma, oyunçunun ölümünün elektrik cərəyanı vurması nəticəsində baş verdiyini göstərən ilk əlamətləri təsdiqləyib və ölümə səbəb ola biləcək digər səbəbləri istisna edib.
Qatar stansiyasının yaxınlığındakı yanacaqdoldurma məntəqəsindəki kameralar Alvaro Prietonun qatarın damına çıxdığını göstərib. Bu zaman o, elektrik təmas şəbəkəsinə toxunduğu üçün yüksək gərginlikli cərəyan vurması nəticəsində iki vaqonun arasına düşərək dünyasını dəyişib.
Futbolçunun xatirəsinə ilk ehtiram oktyabrın 17-də saat 11:00-da keçirilib. Bütün Kordova universitet mərkəzləri dərsləri dayandırıblar. Onların tələbələri Alvaronun ailəsinə dəstək və hörmət əlaməti olaraq qapılar ağzına çıxıb bir dəqiqəlik sükutla bədbəxt hadisə nəticəsində həyatını itirmiş futbolçunun xatirsəni yad ediblər.
Kordova Universiteti Alvaronun ölümü ilə əlaqədar üç günlük matəm elan edib. Oktyabrın 19-na qədər universitet mərkəzlərində bayraqlar yarıya qədər endirilmiş vəziyyətdə, qara kreplərlə dalğalanacaq.
Universitetlə yanaşı, Kordova şəhər şurası və əyalət şurası oktyabrın 17-ni matəm günü elan edib. Hər iki qurum qapılarında mitinqlər keçirilməsini istəyib.


