Harri Keyn “Uembli”də məhsuldarlıq rekordu müəyyənləşdirdi

“Bayern”in ingilis hücumçusu Harri Keyn “Uembli” stadionunda keçirilmiş İngiltərə – İtaliya oyununda iki qol vuraraq yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, oktyabrın 17-də 2024-cü il Avropa çempinatının seçmə mərhələsinin “C” qrupunda 6-cı tur çərçivəsində keçirilmiş oyun İngiltərə yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Keyn oyunda dubla imza ataraq, İngiltərə yığmasının heyətində “Uembli”də vurduğu qolların sayını 24-ə çatdırıb. Beləliklə, Keyn “Uembli”də vurulmuş qolların sayına görə “Mançester Yunayted”in əfsanəvi futbolçusu Bobbi Çarlronun 23 qolluq rekordunu üstələyib. Qələbə İngiltərə yığmasına qrup lideri kimi Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Xatırladaq ki, Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində 10 oyuna çıxıb, 9 qol vurub, 5 məhsuldar ötürmə verib.

Harri Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 87 oyun keçirib, 61 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: