“Roma”nın iranlı hücumçusu Sərdar Əzmun, “canavarlar”ın ev oyunlarını keçirdiyi “Stadio Olimpiko” tribunasında mərc qoyuluşu edib.
Arena.az bu barədə futbolçuların mərc qoyuluşları haqda əlində dəlil-sübutları olan jurnalist Fabrisio Koronaya istinadən məlumat verir.
Amma Korona bildirir ki, bu mərc qoyuluşları futbolla deyil, at yarışları ilə bağlıdır. Eyni zamanda vurğulanır ki, Əzmun futbola mərc etmədiyi üçün mütləq cəzalandırılmayacaq, onun barəsində isə heç bir araşdırma aparılmır.
Əzmun “Bayer”dən “Roma”ya 1 illik icarəyə gəlib. “Canavarlar” iranlı futbolçunu daimi əsasda tamhüquqlu transfer etmək istəsələr, alman komandasına 12 milyon avro ödəməlidirlər.
Sərdar Əzmunun yeniyetməlik karyerası İran klublarında keçib. Onun böyük futbolda debütü isə Rusiyanın “Rubin” (Kazan) klubu ilə bağlıdır. Daha sonra Əzmun “Rostov”da icarədə oynayıb və tamhüquqlu əsasda ora transfer edilib. Ardından yenidən “Rubin”ə qayıdıb, daha sonra isə Sankt-Peterburq “Zenit”inə keçib.
2022-ci ildə Əzmun karyerasını daha yüksək səviyyədə davam etditmək imkanı qazanıb və Leverkuzen “Bayer”inə keçib. Geridə qalmış 2022/2023 mövsümündə Əzmun “əczaçılar”ın heyətində 33 oyun keçirib, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Əzmunun futbolçu karyerasında uğurları Sankt-Peterburq “Zenit”ində çıxış etdiyi dövrə təsadüf edir. “Zenit”in heyətində o, 4 dəfə Rusiya çempionu, 1 dəfə Rusiya Kubokunun, və 1 dəfə Rusiya Super Kubokunun qalibi olub.
Cari mövsümdə Əzmun “Roma”nın heyətində 3 oyunda meydana çıxıb.
Əzmun 2014-cü ilin may ayında 19 yaşında debüt etdiyi İran yığmasında 72 oyun keçirib, 46 qol vurub, 9 məhsuldar ötürmə verib.
Türkmənəsilli hücumçu İran futbol tarixində Əlirza Cahanbəxşdən sonra ikinci ən bahalı futbolçudur. Əzmun UEFA Çempionlar Liqasında qol vurmağı bacarmış ən gənc iranlı futbolçudur.
“Transfermarkt” internet-portalı 28 yaşlı Sərdar Əzmunu 12 milyon avro məbləğində qiymətləndirir.


