Neymar aldığı ağır zədə ilə bağlı təsirli yazı paylaşdı

Braziliya millisinin superulduzu Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla oyunda (0:2) aldığı ağır zədədən sonra təsirli dərc edib.

Arena.az Neymarın dərcini diqqətinizə çatdırır:

“Mən getməmişdən əvvəl yazdığım ayə bu idi: “İnsan ürəyində öz yolunu qurur, Amma Rəbb onun addımlarını təyin edir (Müqəddəs kitab, Məsəllər, 16:9). Tanrı hər şeyi bilir… Bütün şərəf və izzət həmişə Sənə məxsusdur, Rəbbim, Sən nə deyirsənsə, MƏN İNANIRAM” – Neymar öz sosial şəbəkə hesabında duyğusalcasına yazıb.

Xatırladaq ki, Neymarın Uruqvayla oyunda aldığı zədə çox ciddidir. Buna qədər də futbolçu yüngül zədədən əziyyət çəkirdi. İlkin məlumata görə braziliyalı superulduz 2023-cü ildə bir daha yaşıl meydanlara çıxa bilməyəcək. Neymarın ön çarpaz bağ zədəsi və dizində menisk yırtığı olduğu təsdiqlənib. Məşhur futbolçu əməliyyat ediləcək və sonra uzun bir müalicə proqramı çərçivəsində bərpa kursu keçməli olacaq.

Braziliyalı futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Neymar geridə qalmış 2022/2023 mövsümündə mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna 18 qol vurub, 17 məhsuldar ötürmə verib və Fransa çempionatını qazanıb.

Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: