“Real” Joze Mourinyonu Madridə qaytarmaq istəyir

“Real” gələn yay Joze Mourinyonu baş məşqçi vəzifəsinə qaytarmağı düşünür və “Mour”u Karlo Ançelottinin əsas əvəzləyicisi kimi görür.

Arena.az məlumat verir ki, “Mundo Deportivo”nun təqdim etdiyi bu məlumat gündəm olub.

Ançelottinin mövsümün sonunda Madriddən ayrılaraq Braziliya millisinin baş məşqçisi vəzifəsinə keçəcəyi təxmin edilir. Bu, rəsmən təsdiqlənməsə də, yaydan bəri dolaşan xəbərdir. “Kral klubu” isə indi italyan mütəxəssisin yerinə layiqli əvəzləyici axtarışındadır.

Mourinyo adı bütün namizədlər arasında ən uyğun kimi dəyərləndirilir. Portuqaliyalı mütəxəssis hazırda “Roma”nı çalışdırır və çox güman ki, gələn ilin yayında müqaviləsinin başa çatması ilə İtaliyanı tərk edəcək. “Mour”un “canavarlar” komandasında böyük nüfuzu olsa da, klub rəhbərliyi ilə münasibətləri bir o qədər də isti deyil.

Üstəlik Mourinyonun “Real”da iş təcrübəsi var, portuqal mütəxəssis “İnter”lə “trebl”ə imza atdıqdan sonra Madridə gələrək, “qaymaqlılar”ı 3 il – 2010-2013-cü illərdə çalışdırıb. “Mour”un “Real”ı çalışdırdığı dövr “Barselona” və Xosep Qvardiola ilə rəqabətin şiddətləndiyi üçün mübahisələrlə dolu idi. Həmçinin bu dövr Kristino Ronaldo – Lionel Messi rəqabətinin əsasının qoyulması ilə əlamətdardır. Mourinyo “Real”a 2010/2011 mövsümü İspaniya Kral Kubokunu, 2011/2012 mövsümündə La Liqanı və İspaniya Super Kubokunu (2012) qazandırıb. Çempionlar Liqasında isə portuqal mütəxəssisi uğursuzluq təqib edirdi. Daha sonra isə “Mour” “Real”dakı son mövsümünü karyerasının ən pis mövsümü olaraq səciyyələndirib Madridi tərk edib. “Real” isə “Mour”un əvəzinə “qaymaqlılar”a uğurlar qazandıracaq italyan mütəxəssis Karlo Ançelottini gətirdi. Bu, “Papa Karlo”nun “Real”da ilk dövrü kimi əlamətdardır.

Xəbəri sosial şəbəkələrdə paylaş: