Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində “Fənərbaxça” ilə qarşılaşıb.
“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan 2:4 hesablı məğlubiyyətlə ayrılıb.
Dadaşov bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 2 qol vurmuş azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” cari mövsümdə ilk dəfə məğlubiyyətə üzülüb. Sözügedən komanda 9 turdan sonra 14 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 5 oyun keçirib və 2 qol vurub.


