Leverkuzen “Bayer”inin ispan baş məşqçisi Xabi Alonso vergi fırıldaqçılığı ilə bağlı iş üzrə bəraət alaraq təmiz adını qoruyub.
Arena.az bu barədə “Mundo Deportivo” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, İspaniya Ali Məhkəməsinin Cinayət Palatası dövlət prokurorluğunun Madrid Ali Ədliyyə Məhkəməsinin (TSJ) hökmündən verdiyi apellyasiya şikayətini rədd edib və beləliklə, bu yay Xabi Alonsonun müvafiq iş üzrə ikinci bəraət qərarını təsdiqləyib.
Xatırladaq ki, ittiham tərəfinə görə, ispan mütəxəssis 2010-2012-ci illər ərzində dövlət xəzinəsinə təxminən 2 milyon avro ödəməməkdə ittiham edilirdi.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin rəhbərliyi altında “əczaçılar” ötən mövsüm Avropa Liqasının yarımfinalına yüksəlməyi bacarıblar və Almaniya Bundesliqasında 6-cı yeri tutublar.
Cari mövsümdə Xabi Alonso “Bayer”i 11 oyuna çıxarıb, 10 qləbə qazanıb, 1 heç-heçə edib.
Alonsonun “əczaçılar”ın sükanı arxasında ümumi statistikası isə belədir: 48 oyun, 27 qələbə, 11 heç-heçə, 10 məğlubiyyət.
“Bayer” 41 yaşlı ispan mütəxəssisin məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Alonso futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
Sonda onu da xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Sözügedən komandalar arasındakı ilk oyun bu gün Leverkuzendə, digər qarşılaşma isə noyabrın 9-da Bakıda baş tutacaq. İlk iki turdan sonra hər iki komanda 6 xala malikdir.


