2023-cü ilin yayından bəri işsiz olan Hakan Keleş Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”un yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Konya klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni baş məşqçi ilə 2023/2024 mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb. 51 yaşlı mütəxəssis bu vəzifədə Aleksandr Stanoyeviçi əvəz edib. Serbiyalı mütəxəssis cari mövsümdəki uğursuz nəticələrə görə postundan uzaqlaşdırılıb. Stanoyeviç bu ilin yanvarından “Konyaspor”a rəhbərlik edirdi. 49 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 26 oyuna çıxarıb, 6 qələbə sevinci yaşayıb, 9 heç-heçə və 11 məğlubiyyət görüb.
Xatırladaq ki, Hakan Keleşin son iş yeri “Girəsunspor” olub. O, bu ilin may ayında Girəsun klubundan ayrılandan bəri işsiz idi. Keleş 2020-ci ilin avqust ayından rəhbərlik etdiyi “Girəsunspor”u bütövlükdə 110 rəsmi matça çıxarıb. Girəsunlular bu görüşlərdə 44 qələbə qazanıblar, 25 heç-heçə ediblər və 41 məğlubiyyətə üzülüblər. “Girəsunspor” 44 ildən sonra məhz Hakan Keleşin rəhbərliyi altında Super Liqaya vəsiqə qazanmışdı. Amma elitanı tərk etmiş bu komanda cari mövsümdə hətta TFF 1-ci Liqada da autsayderlər sırasında qərarlaşıb.
Hakan Keleş daha öncə “Sivasspor”u da çalışdırıb. 51 yaşlı mütəxəssis bu klubda köməkçi məşqçi kimi də fəaliyyət göstərib.
“Konyaspor” bu mövsüm 9 oyuna cəmi 2 qələbə qazanıb, 3 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb. Komanda 9 xalla 15-ci sırada qərarlaşıb.


