Tomas Müller “Bayern”də tarixi uğura imza atdı

Almaniya Bundesliqasının 9-cu turunun “Darmştadt”la ev oyunu “Bayern”in hücumçusu Tomas Müller üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi bu oyundan 8:0 hesablı əzici qələbə ilə ayrılıb.

Möhtəşəm qələbənin qeydə alındığı oyunda Müller Almaniya klubunun tarixinə düşüb. 34 yaşlı futbolçu qələbəyə 71-ci dəqiqədə vurduğu bir qolla töhfə verib. Bununla da o, “Bayern”in heyətində 15 mövsüm Bundesliqada qol vuran ilk oyunçu olub. Cari mövsümdə ilk dəfə fərqlənən Müller daha əvvəl beş məhsuldar ötürmə ilə yadda qalmışdı.

Təcrübəli forvard Bundesliqada 14 mövsümdə qol vurmuş Gerd Müller, Klaus Augentaler və Mehmet Şollu geridə qoyub.

Xatırladaq ki, Müller 2009-cu ilin iyulundan “Bayern”də çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə alman hücumçu “Bayern”in heyətində 10 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə verib.

Veteran hücumçunun zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.

Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 125 oyuna çıxıb, 45 qol vurub, 40 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı veteran Tomas Mülleri 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: