Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haland Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellingemi tərifləyib.
Arena.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “Bu oğlan qeyri-gerçəkdir” yazıb.
Erlinq Haland bununla Bellingem haqda yüksək fikirdə olduğunu qısaca ifadə edib.
“Barselona”nın baş məşqçisi Xavi də iki qol vuraraq “el klasiko”nun taleyini həll etmiş Bellingem haqda fikirlərini paylaşıb. İspan mütəxəssisin bu barədə fikirlərini təqdim edirik:
“Bellingem əla oyunçudur, amma mənə elə gəlir ki, onu göylər bərəkətləndiriblər. Siçrayış və çalımlardakı bütün toplar ona gəlir”.
Xatırladaq ki, La Liqanın 11-ci turunun “Barselona” ilə oyununda dubl etmiş Bellingem madridlilərə vacib və əzmkar qələbə qazandırıb – 2:1. Əvvəlcə, ingilis futbolçu 67-ci dəqiqədə uzaq məsafədən güclü zərbə ilə hesabı bərabərləşdirib. 90+2-ci dəqiqədə isə Luka Modriçdən ötürmə olaraq sıçramış topu sakitcə qapıya göndərib. Nəticədə “Barselona” bu mövsüm keçirdiyi 14 oyunda ilk dəfə uduzub. Kataloniyalıların top fərqi isə 31:12 nisbətindədir.
Kataloniya təmsilçisinin qapıçısı Mark-Andre ter Ştegen “el klasiko”dakı məğlubiyyətdən sonra duyğularını paylaşıb:
“Məyusluq… Yaxşı oyun keçirdik, oyundan əvvəl yaxşı formada idik. Həmişə yadda saxlamalıyıq ki, “Real” kimi komandanın qol vurmaq üçün çoxlu imkana ehtiyacı yoxdur. Bunu isə bir daha sübut etdilər. Rəqib komandanın oyunçularını qiymətləndirmirəm. Bircə onu deyə bilərəm ki, Bellingem iki qol vurdu və “Real” üçün oyunun nəticəsini tamamilə dəyişdi”.
Yeri gəlmişkən, Bellingemə ikinci qol zamanı məhsuldar ötürmə vermiş Modriç də oyun haqda fikirlərini bölüşüb:
“Bizim üçün əla gün idi! Bellingemlə nə baş verdiyini izah edə bilmirəm. O, bura bu yaxınlarda gəlib, amma hamıda onun uzun müddətdir ki, bizim üçün oynadığı hissi var. Onun ifasından, xasiyyətindən, insani keyfiyyətlərindən hamı razıdır. Bellingemin bu qədər yaxşı uyğunlaşması təsadüfi deyil. O, yüksək səviyyəli oğlandır, qeyri-adi istedaddır. Mənə elə gəlir ki, o da vurduğu qollara inanmır. İndi o, müvafiq səviyyəsini saxlamağa çalışmalı olacaq. Bu qələbə “Real”ın DNT-sinin ən saf şəkildə təzahürüdür. Hamımız xoşbəxtik. Bu, çox vacib qələbədir”.


