Lautaro Martines “Real”a mümkün keçidi ilə bağlı sualı cavabladı

“İnter”in argentinalı mərkəz hücumçusu Lautaro Martines “Real” mümkün transferi ilə bağlı sualı cavablayıb.

Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir:

“Aydındır ki, “Real” vacib komandadır, amma mənim fikrim və ürəyim həmişə “İnter”in yanındadır. Mən burada çox xoşbəxtəm”, deyə Martines bildirib.

Daha əvvəl, mətbuatda “neradzurri” rəhbərliyinin argentinalı hücumçunun əmək müqaviləsinin yenilənməsi məsələsində futbolçunun nümayəndələri ilə müzakirə apardığı haqda məlumatlar yayılmışdı. Martinesin özü də klubla müqaviləsini yeniləmək arzusunda olduğunu bildirib.

Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib və hücumçu yenicə başlamış mövsümdə 13 oyuna çıxıb, 12 qol vurub, 2 məhsuldar ötürmə verib.

Argentinalı hücumçu “neradzurri” ilə 1 dəfə A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 2 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən mövsümdə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 52 oyuna çıxıb, 21 qol vurub, 7 məhsuldar ötürmə verib. Hücumçu 2021 Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı Lautaro Martinesi 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: