Futbol üzrə Niderland yığmasının və Almaniya çempionu “Bayern”in mərkəz müdafiəçisi Matteys De Liqt sıradan çıxıb.
Arena.az xəbər verir ki, o, Almaniya kubokunun 1/16 final mərhələsində “Saarbrüken”lə matçda (1:2) zədələnib.
Futbolçunun diz bağlarının zədələnməsi səbəbindən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı iddia edilir.
Xatırladaq ki, Matteys De Liqt 2022-ci ilin iyul ayından “Bayern”də çıxış edir. 24 yaşlı futbolçu bu mövsüm Almaniya nəhənginin heyətində 10 oyuna çıxıb və 1 qol vurub. Niderlandlı müdafiəçinin “Bayern”dəki ümumi statistikası isə 53 oyun, 4 qol və 1 məhsuldar ötürmədən ibarətdir. O, daha öncə “Ayaks” və “Yuventus”da da forma geyinib.
De Liqt 2017-ci ilin mart ayında debüt etdiyi Niderland milli komandasında da 43 oyun keçirib, 2 qol vurub.
Yeri gəlmişkən, De Liqtin də zədələnməsindən sonra “Bayern”in sabiq futbolçusu Jerom Boatenqi heyətinə cəlb etməsi ehtimalı artıb. Almaniya mətbuatının yazdığına görə, klub rəhbərliyi Boatenqlə qısa müddətli müqavilə bağlamaq qərərına gəlib. Məsələ burasındadır ki, Münhen təmsilçisində digər mərkəz müdafiəçiləri – Dayo Upamekano və Tarek Buhman da zədədən əziyyət çəkir. Müdafiənin mərkəzindəki boşluğu doldurmaq üçün artıq Boatenqlə danışıqların başladığı bildirilir. Baş məşqçi Tomas Tuxel də 35 yaşlı müdafiəçinin yaxşı fiziki formada olmasından razıdır və onu komandasında görmək istəyir.
Xatırladaq ki, Botenq bir müddətdir “Bayern”in əvəzedici komandası ilə məşq edir. Ötən ay onun Münhen klubuna keçəcəyi haqda xəbərlər yayılsa da, klub bunu təkzib etmişdi.
Almaniya millisinin sabiq üzvü 10 il – 2011-2021-ci illərdə Münhen klubunda çıxış edib.


