“Real”ın braziliyalı sol cinah vingeri Vinisius Junior İspaniya Futbolçular Assosiasiyasının (AFE) nüfuzlu mükafatına layiq görülüb.
Arena.az məlumat verir ki, Vinisius İspaniya La Liqasının 2022/2023 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Qalibin mükafatlandırması mərasimi noyabrın 6-da Madriddə baş tutub. Mükafatlandırma mərasimində braziliyalı futbolçu təşkilata təşəkkürünü bildirib və daha uzun illər eyni ruhda oynamağa davam edəcəyinə ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, Vinisius “France Football” nəşrinin ötən mövsüm üçün ən yaxşı oyunçuya təqdim edilən “Qızıl top” mükafatının səsverməsində 6-cı yeri tutmuşdu. Həmçinin “Vinni” humanitar və xeyriyyəçilik fəaliyyətinə verdiyi töhfəyə görə “Sokrates Mükafatı”nı qazanmışdı.
Vinisius Junior “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan keçib. Braziliyalı futbolçunun “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Car mövsümdə “Vinni” madridlilərin heyətində 11 oyuna çıxıb, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 236 oyun, 62 qol, 67 məhsuldar ötürmə.
“Vinni” madridlilərlə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 25 oyun keçirib, 3 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.


