“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda növbəti oyununu keçirəcək.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin ikinci mərhələsinin ilk matçında Yunanıstanın “Olimpiakos” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə görüşəcək.
Azərbaycan futbolu tarixində ikinci dəfə bu raundda mübarizə aparan “Qəbələ” rəqibini doğma stadionda qəbul edəcək. Birinci mərhələdə “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdıran (1:1, 1:0) “qırmızı-qaralar” pley-ofa yüksəlmək üçün Pirey təmsilçisini də keçməlidir. Qəbələ şəhər stadionunda baş tutacaq oyuna saat 16:00-da start veriləcək.
Xatırladaq ki, komandalar arasında cavab görüşü noyabrın 29-da Pireydə baş tutacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələnin ilk oyunu
8 noyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim: Qoqa Kikaçeişvili
Baş hakimin köməkçiləri: David Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)
Qəbələ şəhər stadionu.


