“Əl-Hilal” Neymarla müqaviləsini dayandıra bilər

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu komandanın braziliyalı ulduzu, hücumçu Neymarla müqaviləsini dayandıra bilər.

Arena.az bu barədə “ITASportPress” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, komanda rəhbərliyi futbolçu ilə müqaviləsini dayandırmaq imkanını nəzərdən keçirir. Məqsəd qış transfer pəncərəsində əcnəbi futbolçuların qeydiyyatına yer açmaqdır. “Əl-Hilal” rəhbərliyi komandaya sol cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçunu dəvət etməyi nəzərdə tutur.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almışdı. Futbolçunun təxmin edilən sağalma müddəti 10 aya qədər çəkə bilər bilər. Beləliklə, Neymarın cari mövsümdə bir daha meydana çıxmama ehtimalı yüksəkdir.

Braziliyalı ulduz futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə futbolçu “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Neymarı 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: