Braziliya millisinin sabiq dayaq yarımmüdafiəçisi Felipe Melo PSJ və Fransa yığmasının mərkəz hücumçusu Kilian Mbappeni sərt tənqid edib.
Arena.az “TNT Sports Brasil” telekanala istinadən məlumat verir ki, Felipe Melo, cənubiamerikan futbolu ilə bağlı dediyi sözlərə görə Kilian Mbappeni “yuyub-sərib”.
Xatırladaq ki, 2022-ci ildə Mbappe Cənubi Amerikada futbolun Avropadakı qədər inkişaf etmədiyini iddia etmişdi.
“Mbappe gicbəsərdir. Mənə görə bu, axmaqlıqdır. Argentina dünya çempionu, Messi isə turnirin ən yaxşı oyunçusu oldu. Öyrənməli çox şey var.
Dünya çempionatlarında bu qədər qələbə qazanmış Cənubi Amerika futbolu haqqında belə danışmaq olmaz. Mbappe nədən danışa bilər? Mənim üçün o, üç, dörd “Qızıl top” qazanacaq böyük oyunçudur, amma ağzını bağlayıb dilini saxlamalıdır. Cənubi Amerika futbolunun bir ölçü olduğuna inanıram. Bizim futbol oynamağı və qol vurmağı bacaran oyunçularımız var”, deyə sərt, güzəştsiz xasiyyəti ilə səciyyəvi olan Melo bildirib.
Xatırladaq ki, 2022-ci ildə keçirilmiş Qətər mundialında Lionel Messinin “dirijorluğu” altında Argentina yığması finalda heyətində Kilian Mbappenin çıxış etdiyi Fransa “xoruzlar”ını oyunsonrası penaltilər silsiləsində 4:2 hesabı ilə məğlub edərək, dünya çempionluğunu qazanmışdı. Əsas və əlavə vaxtı ümumilikdə 3:3 hesabı ilə başa çatmış oyunda Mbappe üç qol vursa da, cənubiamerikan yığmasının qələbəsinə mane ola bilməmişdi.
Hazırda 40 yaşı olan Felipe Melo “Fluminense”də çıxış edir. O, karyerası ərzində “Flamenqo”, “Kruzeyro”, “Qremio”, “Malyorka”, “Rasinq Santander”, “Almeriya”, “Fiorentina”, “Yuventus”, “Qalatasaray”, “İnter” (Milan) və “Palmeyras” kimi klublarda da çıxış edib. Melo Braziliya millisində 22 oyuna 2 qol vurub.


