“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın zədəli ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellinqhemin vəziyyəti haqda danışıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“O, İngiltərə yığmasına gedəcək, amma tezliklə qayıdacaq. Cud çiynini qüvvətləndirmək üçün müəyyən işləri yerinə yetirməlidir. Yaxın günlərdə bunun üzərində işə başlamağı nəzərdə tutur. Beynəlxalq fasilədən sonra o, meydana qayıda biləcək”, deyə Karlo Ançelotti bildirib.
Xatırladaq ki, dünən, noyabrın 11-də Bellingemin bu yaxınlarda sol çiyninin yerindən çıxması nəticəsində zədə aldığı məlum olub. Bu səbəbdən Bellingem “Real”ın La Liqanın 13-cü turu çərçivəsində “Valensiya” ilə oyununda (5:1) iştirak edə bilməyib. Qələbə sayəsində “Real” 32 xalla 2-ci pillədə mövqeyini qoruyub və 2 xal geri qaldığı “Jirona”nı qarabaqara izləyir.
Vurğulayaq ki, Bellingemin təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 14 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.


