“Sabah” üçün üçqat yubiley

“Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 13-cü turunda “Turan Tovuz”a qalib gəlib.

Arena.az xəbər verir ki, 3:2 hesablı səfər qələbəsi Bakı klubu üçün üçqat yubileylə əlamətdar olub.

Paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqada 60-cı dəfə üç xal qazanıb. Bu, həm də “Sabah”ın səfərdəki 30-cu qələbəsi olub.

Bakılılar “60”a 153-cü, “30”a 77-ci oyununda çatıb. Bu qarşılaşmada vurulan ilk top da klub tarixinə düşüb. Davit Volkovun hesabı açması ilə “Sabah” Premyer Liqada 200-cü qolu vurub.

Qeyd edək ki, “bayquşlar”ın hər üç göstəricidəki ilkləri 2018-ci il avqustun 12-nə təsadüf edib. Səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən Bakı klubunun heyətində Marko Deviç fərqlənib.

Cari mövsümdə elə də uğurlu çıxış etməyən Murad Musayevin çalışdırdığı kollektiv 13 oyuna cəmi 16 xal toplayıb. Sözügedən komanda 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: