Azərbaycan millisinin hücumçusu Renat Dadaşov AÇ-2024-ün seçmə mərhələsində İsveç yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Türkiyənin “Hatayspor” klubunda legioner həyatı yaşayan 24 yaşlı forvard 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Karyeramda ən yaxşı oyunlardan birini keçirdim. Sərgilədiyimiz futbola əsasən qələbəmizi normal qəbul edirəm. Bu gün rəqibdən üstün idik. Matçdan sonra De Byazi bizə öz minnətdarlığını bildirdi. Biz də öz növbəmizdə komandanı matça yaxşı hazırlaşırdığı üçün baş məşqçiyə təşəkkür etdik. Paltardəyişmə otağında qələbəmizi böyük sevinclə qeyd etdik. Belçika səfərinə yüksək əhval-ruhiyyədə yollanacağıq. Çətin səfər matçında da yaxşı nəticə qazanmağa çalışacağıq”.
Xatırladaq ki, Renat Dadaşov 2017-ci ildən formasını geyindiyi Azərbaycan milli komandasında 27 oyun keçirib, 3 qola imza atıb. İsveçlə matçın 6-cı dəqiqəsində fərqlənməklə komandamızın ikinci qoluna imza atan forvard vaxtilə Slovakiya (səfərdə 2:1) və İordaniya (evdə 2:1) ilə oyunlarda qol vurmuşdu.


