İsrailin “Makkabi” (Hayfa) və “Makkabi” (Təl-Əviv) komandaları bu il avrokuboklarda qalan ev oyunlarını Serbiyada keçirəcəklər.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, daha əvvəl təşkilat İsraillə HƏMƏS arasında silahlı qarşıdurmanın kəskinləşməsi səbəbindən İsraildə beynəlxalq oyunları növbəti xəbərdarlığa qədər dayandırmışdı.
Noyabrın 30-da Avropa Liqasının 5-ci turu çərçivəsində “Makkabi” (Hayfa) Belqraddakı “Rayko Mitiç” stadionunda “Renn”lə qarşılaşacaq.
“’Makkabi” (Tel-Əviv) və “Zorya” (Luqansk) arasında Konfrans Liqasının 3-cü turunun təxirə salınmış oyunu isə noyabrın 25-də Baçka-Topoladakı TSC stadionunda keçiriləcək. İsrail klubu dekabrın 14-də elə orada “Gent”lə 6-cı tur oyununa çıxacaq. Bütün oyunlar tamaşaçısız keçiriləcəklər.
Bundan əvvəl, Hayfa “Makkabi”si Avropa Liqasında “Vilyarreal”la (1:2), Təl-Əvivin eyniadlı komandası isə Konfrans Liqası çərçivəsində Şotlandiyada “Zorya” ilə (3:1) qarşılaşıb.
Macarıstanın Felksut şəhərində isə İsrailin kişi və qadınlardan ibarət milli komandaları öz oyunlarını keçirəcəklər.


