“Real”ın fransalı mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqa dizindən aldığı zədə səbəbindən iki aydan iki ay yarıma qədər sıradan çıxıb.
Arena.az bu barədə COPE dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Kamavinqaya dizin xarici yan bağının yırtığı diaqnozu qoyulub. Vurğulanır ki, fransalı futbolçunun zədəsi ilə bağlı yaşıl meydanlardan kənarda qalması təxmin edilən iki ay yarımlıq vaxt müddəti də ilkin ehtimal xüsusiyyətlidir. Xatırladaq ki, Kamavinqa Fransa yığması ilə məşq zamanı PSJ-nin cinah oyunçusu Usman Dembele ilə toqquşma nəticəsində zədələnib.
Kamavinqa 2021-ci ilin avqustundan “Real”dadır. “Kral klubu” fransalı mərkəz yarımmüdafiəçisini 31 milyon avro müqabilində “Renn”dən transfer edib. Kamavinqanın “Real”la yeni müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Tərəflər noyabrın ilk həftəsinin sonunda yeni müqavilə bağlayıblar.
Cari mövsümdə Eduardo “Real”ın heyətində 17 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Ümumilikdə Eduardo “Real”ın heyətində 116 oyuna 2 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.
Fransalı yarımmüdafiəçi “Kral klubu”nun ilə İspaniya La Liqasının (2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Eduardo Kamavinqa 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 13 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Eduardo “xoruzlar”la 2021 UEFA Millətlər Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı Eduardo Kamavinqanı 90 milyon avro məbləğində qiymətləndirir.


