Dieqo Simeone: “Atletiko” ilə ÇL qazanmağım vacib deyil”

Madrid “Atletiko”sunun baş məşqçisi, argentinalı mütəxəssis Dieqo Simeone Çempionlar Liqasını qazanmağın onun üçün vacib olmadığını deyib.

Arena.az “Cadena Ser” dərgisinə istinadən, Simeonenin bu barədə fikirlərini təqdim edir:

“Məni bu, maraqlandırmır. Bu komanda heç vaxt Çempionlar Liqasını qazanmayıb və mən Çempionlar Liqasını qazanmaq üçün burada deyiləm.

Hər hansı bir turnirdə iştirak etdiyimiz zaman bu, xəyal və sevincdir. Bunun nə qədər çətin olduğunu bilirik. Mən buna aludə deyiləm, çünki vəsvəsə harada yaranırsa, bu, pis yola çevrilir. Mən bunu xəyal kimi qəbul edirəm və bu, yaxşı yanaşmadır. Hər kəsin xəyalları var”, deyə Simeone bildirib.

Xatırladaq ki, bu yaxınlarda Simeone “Atleriko” ilə müqaviləsinin müddətini yeniləyərək, 2027-ci ilə qədər uzadıb.

Dieqo Simeone “Atletiko” ilə 8 titul qazanıb: 2 La Liqa (2013/2014, 2020/2021), 1 İspaniya Kral Kuboku (2012/2013), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 Avropa Super Kuboku (2012, 2018) və 1 İspaniya Superkuboku (2014). Bu qənimətlərlə yanaşı, argentinalı mütəxəssis Madrid klubunu 2014 və 2016-cı illərdə Çempionlar Liqasının finalına çıxara bilib, həmçinin UEFA klub reytinqində 2-ci yerə yüksəldib.

Çalışdırdığı müddətdə Simeone “döşəkçiləri” 643 oyuna çıxarıb, 381 qələbə qazanıb, 117 məğlubiyyət alıb, 145 oyundan isə sülhlə ayrılıb, top fərqi 1092:527 nisbətindədir. Cari mövsümün göstəriciləri isə belədir: 16 oyun, 11 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, top fərqi isə 41:17 nisbətindədir.

Simeonenin “Atletiko”su cari mövsümdə çıxış etdiyi bütün turnirləri qazanmağa iddialıdır. La Liqanın 12 turundan sonra Madrid təmsilçisi 28 xalla 4-cü pillədədir. “Döşəkçilər” Çempionlar Liqasında 4 turdan sonra qrup lideridirlər. Həmçinin “Atletiko” İspaniya Kral Kubokunda da mübarizəyə qoşulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: