Tim Şervud Markus Raşfordu tənqid etdi, Erik ten Haqı qınadı

“Tottenhem”in sabiq baş məşqçisi Tim Şervud “Mançester Yunayted”in ingilis sol vingeri Markus Raşfordun cari idman forması haqda danışıb.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Şervud hücumçudan narazılığını ifadə etməklə yanaşı, bunun kökündə Erik ten Haqa qınağının dayandığını da əsaslandırıb:

“Markus İngiltərə yığmasına çağırılmağa layiq deyil. Təəssüf ki, o, buna görə öz klub məşqçisi Erik ten Haqa təşəkkür etməlidir. İndi “Mançester Siti”də olsaydı, dünya səviyyəli futbolçu ola bilər və İngiltərə yığmasının əsas heyətinə düşə bilərdi. Markus bunun üçün bütün lazımi keyfiyyətlərə malikdir.

Mövsümün sonuna qədər vəziyyətin kəskin şəkildə dəyişəcəyini düşünmürəm. Bunun üçün məncə, Erik ten Haqa təşəkkür etməliyik. O, məşqçi kimi kifayət qədər yaxşı deyil”, deyə Tim Şervud həmkarını tənqid etməkdən çəkinməyib.

Markus Raşford “Mançester Yunayted”in öz yetirməsidir. Markus 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Raşford “Mançester Yunayted”in heyətində 16 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. İngilis vingerin “qırmızı şeytanlar”ın heyətində ümumi statistikası isə belədir: 375 oyun, 124 qol, 71 məhsuldar ötürmə.

Markus 2016-cı ilin mayında debüt etdiyi İngiltərə yığmasının heyətində 58 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı Markus Raşfordu 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: