Belçika – Azərbaycan matçından öncə kuryoz olay

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Belçika – Azərbaycan matçından öncə kuryoz hadisə qeydə alınıb.

Arena.az xəbər verir ki, Brüsseldəki “King Baudouin Stadium”da baş tutan qarşılaşmadan öncə ənənəvi olaraq dövlət himnləri səsləndirilib.

Öncə arenada Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsinə dair elan verilib. Lakin arenanın işçiləri Azərbaycan himni əvəzinə İsveçin himinini səsləndiriblər. Kapitan Emin Mahmudov və digər futbolçularımızın işarələrinə baxmayaraq, himn axıra qədər səsləndirilib.

Daha sonra Belçikanın dövlət himni səsləndirilib. Lakin futbolçularımız meydanın mərkəzini tərk etməyiblər. Bu zaman rəqib komandanın kapitanı Romelu Lukaku kapitan Emin Mahmudova, daha sonra millimizin baş məşqçisi Canni De Byaziyə yaxınlaşaraq baş verən olayla əlaqədar onlardan üzr istəyib. Lukakunun da təkidi ilə Azərbaycan Respublikasının da dövlət himni səsləndirildikdən sonra oyuna start verilib.

Xatırladaq ki, Belçika – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlamalı olsa da, məhz himn qalmaqalına görə oyun təxminən 3-4 dəqiqə gec başlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: