İtaliyalı futbol mütəxəssisi Canni De Byazi Azərbaycan milli komandasının baş məşqşçisi postundan ayrılıb.
Arena.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
- Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müddəti sona çatan müqavilə artırılmasın.
- Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi işçi qrupu yaradılsın.
Qeyd edək ki, AFFA-nın inzibati binasında keçirilmiş İcraiyyə Komitəsinin fövqəladə iclasında İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov iştirak etməyiblər.
De Byazi də iclasa qatılanlar arasında olub. Lakin o, fövqəladə iclası erkən tərk edib. Belə ki, 67 yaşlı mütəxəssis təxminən 10 dəqiqə toplantıda iştirak edib. Müqaviləsinin müddətinin artırılmayacağını hiss edən italyan iclasda millimizdə qalmaq istəmədiyini diqqətə çatdırıb. O, fikirlərinin iclas üzvləri üçün tərcümə olunmasını gözlədikdən sonra otağı tərk edib.
Xatırladaq ki, Canni De Byazi 2020-ci ilin 30 iyunundan Azərbaycan milli komandasına rəhbərlik edirdi. Yığmamız onun rəhbərliyi altında 39 oyun keçirib. Komanda bu oyunlarda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 21 məğlubiyyətə üzülüb. AFFA rəhbərliyi sonuncu dəfə 2022-ci ilin oktyabr ayında onunla bir illik yeni müqavilə bağlamışdı. Müqaviləyə əsasən, De Byazi AÇ-2024-ün seçmə mərhələsinin sonuna – 2023-cü ilin 30 noyabrına qədər yığmamıza rəhbərlik etməliydi.




