Voleybol Federasiyası “Xarı Bülbül” klubları ilə bağlı açıqlama yaydı

Azərbaycan Voleybol Federasiyası (AVF) Şuşa və Laçının “Xarı Bülbül” komandalarının üzləşdiyi maliyyə çətinliyi ilə bağlı açıqlama yayıb.

Arena.az xəbər verir ki, AVF bu barədə sosial şəbəkə hesabı vasitəsi ilə paylaşım edib.

Qurum yaranmış vəziyyətlə əlaqədar komandalara dəstək olmaq üçün bütün imkanlarını səfərbər etdiyini vurğulayıb:

“Məlum olduğu kimi, müstəqil şəkildə fəaliyyət göstərən kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) və “Xarı Bülbül” (Laçın) komandaları Azərbaycan çempionatında mübarizə aparırlar. “Xarı Bülbül” (Şuşa) həm də Çelenc Kubokuda iştirak edir. Mövsümün əvvəlində klubların yerli və xarici voleybolçulardan ibarət heyətləri formalaşaraq, bütün xərclərin ödənməsi ilə bağlı sponsorlarla razılığa gəlinib.

“Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası (AVF) qarşısında öhdəlik götürüb. Bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilib. Eyni zamanda klub Avropa Voleybol Konfederasiyasına müraciət edərək müvafiq qaydada sənədləri təqdim etməklə Çelenc Kubokunda öz iştirakını təsdiqləyib.

Daha sonra klubun maliyyə çətinliyi ilə üzləşməsinə dair AVF-yə şifahi məlumat daxil olub. Bununla bağlı işçi heyəti və oyunçularla görüş keçirilib. Toplantı zamanı yaranmış maliyyə çətinliyi ilə ələqədar müzakirələr aparılıb və klubun müvafiq sənədləri federasiyaya təqdim etməsindən sonra AVF tərəfindən bir aylıq maliyyə dəstəyinin göstəriləcəyi bildirilib.

Klub tərəfindən rəsmi sənədlər federasiyaya təqdim olunduqdan sonra Azərbaycan Voleybol Federasiyası klubun ölkəmizi “Çelenc Kuboku”nda təmsil etdiyini nəzərə alaraq, qısa zamanda bu komandaların oyunçularının bir aylıq əməkhaqqını ödəyib”.

Xəbəri sosial şəbəkələrdə paylaş: