Françesko Kamarda A Seriyasının tarixinə düşdü

“Milan”ın 15 yaşlı italyan mərkəz hücumçusu Françesko Kamarda İtaliya A Seriyasında debüt etmiş ən gənc futbolçu olub.

Arena.az məlumat verir ki, əlamətdar hadisə A Seriyasının 13-cü turu çərçivəsində “Milan” – “Fiorentina” oyununda (1:0) baş tutub.

Yeniyetmə futbolçu oyunun 83-cü dəqiqəsində meydana çıxaraq tarixi rekordun müəllifi olub. Kamarda meydanda 7 dəqiqə keçirib, məhsudlar fəaliyyəti ilə diqqət çəkməyib.

Daha əvvəl “Milan”ın baş məşqçisi Stefano Pioli “rossoneri”nin heyətində hücumameyilli oyunçuların zədəli və ya cəzalı olmaları səbəbindən hücumun mərkəzində ancaq Luka Yoviçin xidmətlərindən istifadə etmək məcburiyyətində qalmışdı. Bu səbəbdən italyan mütəxəssis 15 yaşlı Kamardanı da əsas komandaya çağırmışdı.

Xatırladaq ki, buna qədər A Seriyasının ən gənc debütantı “Bolonya”nın müdafiəçisi Uizdom Ami olub. Ami 15 yaş 274 günlüyündə “Cenoa” ilə oyuna əvəzedici kimi meydana çıxmışdı.

Kamardanın “Milan”la müqaviləsi cari ilin iyul ayının 1-dən qüvvəyə minib. Müqavilənin müddəti haqda məlumat yoxdur. Yeniyetmə futbolçu “Milan”ın U-17 və U-19 komandalarında oynayıb.

Françesko Kamarda cari mövsümdə “Milan”ın gənclər komandasında 13 oyuna çıxıb. Yeniyetmə futbolçu bu oyunlarda 7 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib, meydanda 605 dəqiqə keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: