Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde”nin qonağı olacaq “Qarabağ”ın oyunöncəsi son məşqi Bakıda keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşq sabah – noyabrın 28-də “Azərsun Arena”da baş tutacaq. Hazırlıq prosesi saat 18:30-da başlayacaq.
Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə Norveçdə baş tutacaq. Noyabrın 29-da keçiriləcək tədbir yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.
Qeyd edək ki, noyabrın 30-da “Molde” stadionunda keçiriləcək “Molde” – “Qarabağ” matçına yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da) start veriləcək.
Hazırda hər iki komandanın hesabında 6 xal var. İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb. İtkisiz irəliləyən Almaniya nəhəngi “Bayer” birincidir. İsveç “Hakken”i isə sonuncu pillədə qərarlaşıb.


