Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq “Molde” – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, qitə futbol qurumu Norveçdə keçiriləcək bu oyunu Belçikadan olan hakimlərə etibar edib.
Qarşılaşmanın baş hakimi FİFA referisi Erik Lambrexts olacaq. Ona yan xətt hakimləri Co de Veyrdt və Kevin Monteni kömək edəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Bundan başqa, fransalı Benoi Millo və belçikalı Yan Boterberq VAR hakimləri kimi fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Erik Lambrexts azərbaycanlı futbolsevərlər üçün kifayət qədər tanış referidir. O, daha öncə həm “Qarabağ”ın, həm də digər təmsilçilərimizin oyunlarına təyinat alıb.
2013-cü ildən beynəlxalq görüşlərdə iş başında olan 39 yaşlı belçikalı ədalət təmsilçisi sonuncu dəfə Ağdam klubunun ötən mövsüm Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzduğu qarşılaşmada fit çalıb. Lambrexts 2021-ci ildə isə həm Azərbaycan millisinin, həm də “Qarabağ”ın bir oyununda ədaləti qoruyub. FIFA referisi DÇ-2022-nin seçmə mərhələsində yığmamızın səfərdə Serbiyaya məğlubiyyətinə (1:3), həmçinin Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda Bakıda “Bazel”lə (İsveçrə) qolsuz heç-heçəsinə şahidlik edib.
Lambrexts “Neftçi”nin Avropa Liqasının 2016/2017 mövsümünün 2-ci təsnifat mərhələsində Şimali Makedoniya “Şkendiya”sı ilə səfər oyununda da baş hakim olub. Həmin qarşılaşma “ağ-qaralar”ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bundan əlavə, o, 2018-ci ildə U-19 millimizin iki matçında iş başında olub. Komanda AÇ-2019-un seçmə mərhələsində Lixtenşteynə qalib gəlib (3:0), İsrailə isə uduzub (1:4).
Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Hazırda hər iki komandanın hesabında 6 xal var. H qrupunda “Qarabağ” ikinci, “Molde” isə üçüncü pillədə qərarlaşıb. Bütün oyunlarından qalib ayrılmış Almaniya təmsilçisi “Bayer” qrup birincisidir. Tam əksinə, bütün matçlarını məğlub başa vurmuş İsveç “Hakken”i isə qrup sonuncusudur.


