Qurban Qurbanov: “Norveçdən uğurlu nəticə ilə dönmək istəyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde”yə qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, sabah – noyabrın 30-da Avroliqanın qrup mərhələsində növbəti matçına çıxacaq Azərbaycan çempionu Norveçdə “Molde”nin qonağı olacaq.

Ağdam klubu sözügedən oyun üçün bu gün səfərə çıxıb. Komandanın baş məşqçisi Qurban Qurbanov səfər öncəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verib. O, qarşıdakı matçla bağlı bunları söyləyib:

“Molde” ilə oyuna ciddi hazırlaşırıq. Norveçdə yaxşı oyun sərgiləyib, uğurlu nəticə ilə dönmək istəyirik. Matça hazırlığımız pis keçmədi. Hər şey qaydasındadır. Oyun günü son məşqimiz olacaq. Qarşılaşmaya hazırlığı da o zaman bitirəcəyik. İnanıram ki, uğurlu oyun alınar. Yəqin ki, rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək. “Molde”nin evdə oynayacağını da nəzərə alırıq. Üstəlik, meydanları süni örtüklüdür. Yenə də öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Bunu bacarıb-bacarmayacağımızı oyunda biləcəyik”.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 1-nə keçən gecə keçiriləcək “Molde” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Hazırda hər iki komandanın hesabında 6 xal var. Bu komandaların yer aldığı H qrupunda Almaniyanın “Bayer” və İsveçin “Hakken” klubları da var. “Bayer” 12 xalla liderdirsə, “Hakken” xal hesabını aça bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: