“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde”yə qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, sabah – noyabrın 30-da Avroliqanın qrup mərhələsində növbəti matçına çıxacaq Azərbaycan çempionu Norveçdə “Molde”nin qonağı olacaq.
Qurban Qurbanov bu gün Norveçdə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı çıxış edəcəyik. Rəqibin özünəməxsus oyun sistemi var və bunu yaxşı icra edirlər. Həm bunu, həm də meydança amilini düşünməliyik. Futbolçularım sabah bugünəqədərki xarakterdən daha artığını etməlidirlər. Onlara güvənirəm. İstənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.
Baş məşqçi əvvəllər də soyuq hava şəraitində çıxış etdiklərini söyləyib: “Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu. Amma hər iki komanda üçün şərait eynidir. Sadəcə, rəqib bu şəraitə daha çox alışıb ki, üstünlükləri budur. Belə havada oynadığımız matçlar olub. Bunları futbolçularımıza bildiririk. İlk dəfə deyil ki, belə vəziyyətdə çıxış edəcəyik. Buna baxmayaraq, uğurlu çıxış üçün hər şeyi edəcəyik”.
51 yaşlı mütəxəssis sabahkı qarşılaşmada mümkün heç-heçənin uğurlu sayılacağını düşünür: “Niyə də yox? Futbol elə oyundur ki, hətta bəzən minimalhesablı məğlubiyyət də sonda işinə yarayır. Bizim istəyimiz daha yaxşı nəticə qazanmaqdır. Qarşılaşmanın ardından ümumi nəticəni analiz edəcəyik”.
Qurban Qurbanov UEFA-nın keçirdiyi sorğuda azarkeşlərin 78 faizinin “Qarabağ”ın qalib gələcəyini düşünməsinə də münasibət bildirib: “İnandıqlarına görə təşəkkür edirəm. Ancaq bunu düşünərək meydançaya çıxmayacağıq. Hər bir şəraiti, oyunun gedişatını nəzərə alacağıq. İnam varsa, bu, bizə verilən böyük dəyərdir. Həmişəki kimi, sabah da daha yaxşı nəticə üçün çalışacağıq. Rəqibdən asılı olmayaraq, biz öz oyun fəlsəfəmizdən əl çəkmirik. Bəzən rəqib buna mane olur. Sabah da bunu futbolçulardan tələb etməyə çalışacağıq. Ən vacibi tapşırığı düzgün yerinə yetirməkdir. “Molde” öz sistemindən əl çəkməyən təcrübəli rəqibdir. Hər iki komandanın düşüncəsi qalib gəlməkdir. Rəqibin də bir nömrəli oyunu var və bunu yerinə yetirməyə çalışır. İnanıram ki, sabah iki keyfiyyətli komandanın ifasında maraqlı görüş olacaq”.
“Bunun üçün əlimizdən gələni edəcəyik” – Veşoviç
“Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviç də mətbuat konfransında iştirak edib və matçla bağlı gözləntilərini açıqlayıb:
“Sabahkı matça hazırıq. Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Veşoviç zədədən sonra yaxşı formada olduğunu bildirib: “Motivasiyam var, yaxşı formadayam və əlimdən gələni etməyə hazıram”.
Xatırladaq ki, noyabrın 30-dan dekabrın 1-nə keçən gecə keçiriləcək “Molde” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Hazırda hər iki komandanın hesabında 6 xal var. Bu komandaların yer aldığı H qrupunda Almaniyanın “Bayer” və İsveçin “Hakken” klubları da var. “Bayer” 12 xalla liderdirsə, “Hakken” xal hesabını aça bilməyib.


