Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində beşinci matçına çıxacaq.
Arena.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu səfərdə Norveçin “Molde” komandası ilə qarşılaşacaq.
Molde şəhərindəki “Aker” stadionunda keçiriləcək oyuna gecə yarısı, Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.
“Molde” Avroliqanın qrup mərhələsinə ardıcıl iki məğlubiyyətlə başlayıb. Sözügedən komanda ilk oyununda elə Azərbaycan çempionuna Bakıda 0:1 hesabıyla məğlub olmuşdu. Daha sonra doğma meydanda Almaniyanın “Bayer” komandasına qarşı oyun da uğursuz alınmışdı – 1:2. Son iki oyunda isə “Molde” İsveç “Hakken”inə həm evdə (5:1), həm də səfərdə (3:1) qalib gəlib. Bu da sözügedən komandanın yüksəlişdə olmasından xəbər verir.
“Qarabağ” isə əksinə, “Molde”dən sonra səfərdə İsveç “Hakken”inə də 1:0 hesabıyla qalib gəlib. Ardından komandamız Almaniyanın “Bayer” klubu ilə görüşlərdə uğursuz nəticələrə imza atıb – 1:5, 0:1.
Hazırda hər iki komandanın hesabında 6 xal var. Amma təmsilçimiz əlavə göstəricilərə görə ikinci pillədə qərarlaşıb. Qalib gələn tərəf böyük ölçüdə qrup ikinciliyini təmin etmiş olacaq. Heç-heçə isə Azərbaycan çempionunu mövqeyində saxlayacaq.
Qeyd edək ki, bu gün qrupun digər matçında “Hakken” doğma meydanda “Bayer”lə üz-üzə gələcək.
Avropa Liqası
H qrupu, 5-ci tur
30 noyabr
00:00. “Molde” – “Qarabağ”
Baş hakim: Erik Lambrexts (Belçika).
Baş hakimin köməkçiləri: Co de Veyrdt, Kevin Monteni (Belçika).
Dördüncü hakim: Natan Verbomen (Belçika).
VAR: Benua Millo (Fransa).
AVAR: Yan Boterberq (Belçika).
Molde. “Aker” stadionu.
Xal: Bayer – 12. Qarabağ – 6. Molde – 6. Hakken – 0.


