Uest-Midlends polisi Konfrans Liqasının “Aston Villa” – “Legiya” oyunu ərəfəsində dava salmış 46 kişi azarkeşə qarşı ittiham açıb.
Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, polis, hər iki tərəfin azarkeşlərindən təqsirləndirilənləri hüquq-mühafizə xidmətinin əməkdaşları ilə mübahisədə iştirak etdiklərinə görə ittiham edib.
Bildirilir ki, 43 nəfər ictimai asayişi pozmaqda, 2 nəfər polis əməkdaşlarına hücum etməkdə, digəri isə soyuq silah saxlamaqda ittiham edilib. Bu şəxslərin əksəriyyətinin “Legiya” (Varşava) azarkeşləri olduğu vurğulanır.
Bu gün, dekabrın 2-də müvafiq məsələyə əncam çəkəcək məhkəmə prosesi təyin edilib. Bununla belə, polis yeni iğtişaşçıları müəyyən etmək üçün kamera-müşahidə sistemlərinin görüntülərini öyrənməyə davam edir.
Vurğulanır ki, futbol xuliqanları ilə dava zamanı 5 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Xatırladaq ki, “Aston Villa” – “Legiya” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.


