Mark-Andre ter Ştegen cərrahi əməliyyata razılıq verdi

“Barselona”nın və Almaniya yığmasının qapıçısı Mark-Andre ter Ştegen kəskin bel ağrılarını aradan qaldıracaq cərrahi əməliyyat ediləcək.

Arena.az bu barədə “Sports.es” dərgisinə istinadən məlumat verir.

Əməliyyatdan sonra sağalma bir neçə həftə çəkə bilər. Hazırda alman qapıçının Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Barselona”nın fevralda keçirəcəyi oyunlarda iştirak edə biləcəyini əminliklə söyləmək olmaz.

Ter Ştegen noyabrda beynəlxalq fasilə zamanı Almaniya yığmasının düşərgəsində ikən bel ağrıları keçirib və müayinə üçün dərhal Barselonaya dönüb. Tədricən qapıçının ağrıları kəskinləşib. İndi alman qapıçı əməliyyatına razılıq versə də, buna qədər cərrahi müdaxilənin ən yaxşı əlac olduğuna şübhə ilə yanaşıb. Müvafiq razılığa Ter Ştegen tibb mütəxəssisləri ilə ciddi məsləhətləşmədən sonra razılıq verib.

Qapıçının ətəyindən bu daşı tökmək üçün “Barsa” həkimləri xeyli əziyyət çəkiblər. Kataloniya klubunun tibbi heyəti Ter Ştegenin zədəsinin “Barselona”nın keçmiş müdafiəçisi Samuel Umtiti ilə olduğu kimi, xroniki hala keçə biləcəyindən çox narahat olub və nəhayət qapıçını inandıraraq, əməliyyata razı sala bilib. Bununla belə, Ter Ştegenin əməliyyatsız keçinmək üçün əsas “bəhanələrindən” biri, əməliyyatdan sonra sağalmaq üçün bunun əvvəlcədən təxmin edilən müddətindən daha çox vaxt apara biləcəyi olub.

Bu arada “Barselona” rəhbərliyi daha bir qayğı ilə üzləşib. İndi klub Ter Ştegenin yerinə qapıçı axtarışındadır. “Barselona” rəhbərliyi və məşqçilər qərargahı qapıçılardan ibarət qısa siyahı hazırlayıb. Kataloniya klubu zədəli Ter Ştegeni əvəzləmək üçün onlardan biri ilə qısamüddətli müqavilə bağlamaq niyyətindədir.

Alman qapıçının yerinə əsas namizədlər bunlardır: hazırda azad agent statusunda olan David de Xea, “Arsenal”ın əsas komandasında yerini itirmiş Aaron Ramsdeyl, “Anderlext”dən Kasper Şmeyxel, “Əl-Hilal”dan Yassin Bono və MLS təmsilçisi “Sent-Luis Siti” klubunun qapıçısı Roman Byurki. Bu arada Yassin Bononun kiçik zədə aldığı haqda da daha əvvəl məlumat yayılıb.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro müqabilində “Barselona”ya keçib. Cari mövsümdə Ter Ştegen “Barsa”nın heyətində 17 oyuna 15 qol buraxıb, 8 oyunda isə qapısının toxunulmazlığını təmin edə bilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: