Ronald Arauxo “Atletiko” ilə oyunda yanaq sümüyünü sındırıb

“Barselona”nın uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo İspaniya La Liqasının 15-ci turunun “Atletiko Madrid”lə oyununda (1:0) zədələnib.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, uruqvaylı futbolçuya yanaq sümüyünün kiçik sınığı diaqnozu qoyulub. Arauxo “Atletiko Madrid”ə qarşı oyunu fəsadsız keçirib. Lakin görüşdən sonra Ronald ağrı hiss edib.

Vurğulanır ki, zədə müdafiəçinin La Liqanın 16-cı turunda iştirakına təsir etməyəcək. Arauxonun dekabrın 10-da “Jirona” ilə oyuna çıxacağı gözlənilir.

Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,70 milyon avro müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir. Cari mövsümdə Ronald “Barsa”nın heyətində 13 oyuna çıxıb, 1 qol vurub.

Arauxo “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023) qalibi olub.

Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 16 oyuna 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Ronald Arauxonu 70 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Barselona”da qapıçı Mark-Andre ter Ştegen, müdafiəçi Markos Alonso, İnyiqo Martines, yarımmüdafiəçi Qavi, hücumçu Robert Levanodvski zədə səbəbindən komandaya kömək edə bilmir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: