“Qarabağ” – “Hakken”: Açıq məşqlərin vaxtı bəlli oldu

Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Hakken” matçından öncəki proqram açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Ağdam təmsilççisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 13-də saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 16:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da keçiriləcək.

Qonaq komandanın Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:15-də start götürəcək. İsveç təmsilçisinin eyni arenada keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 18:45-də başlayacaq.

Xatırladaq ki, “Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.

Avroliqanın qrup mərhələsinin H qrupunda yer almış bu komandaların ilk oyunu İsveçdə baş tutub və təmsilçimizin qələbəsi ilə bitib – 1:0.

Geridə qalmış 5 turdan 2-ci pillədə qərarlaşmış “Qarabağ”ın 7 xalı var. Xalsız olan “Hakken” isə qrup sonuncusudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: