Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Hakken” (İsveç) oyununa bilet satışı davam edir.
Arena.az xəbər verir ki, satışa çıxarılmış biletlərin yarıdan çoxu satılıb.
Belə ki, biletlərin 18 700-ü artıq öz sahibini tapıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Qalan biletlərin də böyük əksəriyyətinin oyun gününə qədər satılması gözlənilir.
Qeyd edək ki, 31 min azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 250 manatdır.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
“Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.
Xatırladaq ki, “Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilcək. Oyuna saat 21:45-də start veriləcək.
Avroliqanın qrup mərhələsinin H qrupunda yer almış bu komandaların ilk oyunu oktyabr ayında İsveçdə baş tutub və təmsilçimizin qələbəsi ilə bitib – 1:0.
Geridə qalmış 5 turdan “Qarabağ”ın 7 xalı varsa, “Hakken” hələ xal hesabını aça bilməyib. H qrupunda bu iki komandadan başqa Norveçin “Molde” və Almaniyanın “Bayer” klubları da mübarizə aparır. İtkisiz irəliləyən “Bayer” liderdir, “Molde” isə 7 xalla üçüncüdür.


