“Ankaragücü”nün prezidenti hakimi yumruqladı – Foto

Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizəspor”la matçdan sonra meydanda hakim Halil Umut Meleri döyüb.

Arena.az xəbər verir ki, Türkiyə Super Liqasının 15-ci turunun son oyun gününə təsadüf edən bu oyun 1:1 hesabı ilə başa çatıb.

Matçdan sonra uzun müddət danışılacaq qalmaqal yaşanıb. Belə ki, final fiti çalınan kimi meydana çıxan Ankara klubunun prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melere yaxınlaşaraq ona yumruq zərbəsi endirib. Yerə yıxılan hakimə digər şəxslər tərəfindən təpiklə də zərbə vurulduğu bildirilir. Hücumdan sonra Halil Umut Melerin sol gözünün göyərdiyi diqqət çəkib.

Xatırladaq ki, “Ankaragücü” “Rizəspor”la ev oyununda qələbəni 90+7-ci dəqiqədə buraxdığı qolla əldən verib. Ankara təmsilçisi bu nəticədən sonra 18 xalla 11-ci pillədə qərarlaşıb.

Hələlik, rəsmən təsdiqlənməmiş məlumatlara görə, türkiyəli hakimlər baş verən bu hadisə ilə əlaqədar növbəti turun oyunlarına idarə etməkdən imtina etməyə qərar veriblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: