Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Hakken” matçının hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, qitə futbol qurumu Bakıda keçiriləcək bu oyunu Albaniyadan olan hakimlərə etibar edib.
Qarşılaşmanın baş hakimi FIFA referisi Yucin Caya olacaq. Ona yan xətt hakimləri Doyando Miftari və Reydi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeyray yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaqlar.
Hakimlərin işinə Maltadan olan hakim-inspektor Alan Mario Sant qiymət verəcək.
Qeyd edək ki, Yucin Caya ilk dəfə Azərbaycan təmsilçilərinin oyununu idarə edəcək. 33 yaşlı ədalət təmsilçisi 2017-ci ildən beynəlxalq matçlarda iş başındadır. Caya cari mövsümdə Avropa Konfrans Liqasında təsnifat və qrup qarşılaşmalarına təyinat alıb. O, həmçinin AÇ-2024-ün seçmə mərhələsində Litva – Macarıstan görüşünü idarə edib.
Yucin Caya ötən mövsüm “Qarabağ”ın Bakıdakı görüşündə dördüncü hakim funksiyasını yerinə yetirib. O, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Fransa “Nant”ına 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bu vəzifəni yerinə yetirib.
Xatırladaq ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” matçına saat 21:45-də start veriləcək. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur. Bu qrupa 15 xala malik Almaniya “Bayer”i liderlik edir. Norveç “Molde”si də 7 xalla üçüncüdür.


