Futbol üzrə Türkiyə çempionatının (Super Liqa) 15-ci turunun “Ankaragücü” – “Rizəspor” matçından sonra hakimi vuran Faruk Koca saxlanılıb.
Arena.az xəbər verir ki, Ankara klubunun prezidenti 1:1 hesabıyla bitən matçın final fiti səslənən kimi meydana çıxaraq baş hakim Halil Umut Melerin sifətinə yumruqla zərbə endirmişdi.
Bu, nəinki Türkiyədə, əksər Avropa ölkələrində böyük əks-sədaya səbəb olub. Hadisədən dərhal sonra türkiyəli hakimlər qarşıdakı bir həftə ərzində bütün oyunları boykot edəcəklərini açıqlayıblar.
Türkiyə Futbol Federasiyası da baş verən hadisə ilə əlaqədar təcili toplantı keçirib. İclasdan sonra federasiya rəhbərliyi Super Liqa da daxil olmaqla bütün liqaların qeyri-müəyyən müddətə dayandırıldığını açıqlayıb. TFF baş verənləri qınamaqla yanaşı, hər kəsin layiqli cəzasını alacağını da bəyan edib.
“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” başda olmaqla, bütün klublar bu hadisəni pisləyən bəyanatlar yayıblar. Hətta “Ankaragücü” klubu da açıqlama yayaraq baş verən hadisənin üzüntüsü içində olduğunu bildirib, həmçinin Türkiyə futbol və idman ictimaiyyətindən üzr istəyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hakimin döyülməsi hadisəsini kəskin şəkildə pisləyib. Türkiyə lideri bu barədə bəyanatında bildirib:
“Ankaragücü” – “Rizəspor” matçından sonra baş hakim Halil Umut Melere edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə dözməyəcəyik”, – bəyanatda vurğulanıb.
Hakimi vuran Faruk Kocaya gəlincə, o, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilib. Səhhətində ciddi problem aşkarlanmayan klub prezidenti daha sonra nəzarət altına alınıb. Onunla yanaşı daha bir neçə nəfər də hakimə hücum etdiyi üçün saxlanılıblar.
Faruk Koca baş verən hadisə ilə açıqlama da verib. 59 yaşlı funksioner məsələ ilə bağlı “Beyaz TV”-yə danışıb. O, əsəblərini cilovlaya bilmədiyini söyləyib: “Gözüm qaraldı. Nə etdiyimi xatırlamıram”.
Xatırladaq ki, bu görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci pillədə qərarlaşıb.


