Hakimi vuran Faruk Koca istefa verdi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Ankaragücü” klubunun prezidenti Faruk Koca vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, Super Liqanın 15-ci turunda baş tutan “Rizəspor”la ev oyunundan sonra meydana çıxaraq baş hakim Halil Umut Meleri yumruqla vuran Faruk Kocanın vəkili Murat Bayramoğlu onun bu qərarını jurnalistlərə açıqlayıb.

Xatırladaq ki, Ankara klubunun rəhbəri bu gün səhər saatlarında həbs olunaraq Sincan Qapalı Cəza Təcridxanasına aparılıb. O, vəkili vasitəsilə mətbuata bu müraciəti edib:

“Hörmətli Meler və onun ailəsindən, türk hakim cəmiyyətindən, idman ictimaiyyətindən və millətimizdən hakim Halil Umuta münasibətimə görə üzr istəyirəm. Məsələnin necə və niyə bu nöqtəyə gəlməsi müzakirə mövzusu deyil. Nə qədər böyük bir haqsızlıq və ya yanlışlıq olsa belə, heç bir şey mənim törətdiyim və əlbəttə ki, istəmədiyim zorakılığı qanuniləşdirə və ya izah edə bilməz. İdman meydançaları centlmen yarışı üçün məkan olmalıdır. Mənim hərəkətim də daxil olmaq üzrə, feyr-pleyə kölgə salan heç münasibətin stadionlarda, salonlarda olmaması lazımdır.

Prezidentliyi dövründə həmişə konstruktiv olmağa çalışdığını vurğulayan Koca, daha sonra bunları diqqətə çatdırıb:

“Tam əks mühitin yaranmasına səbəb olduğum üçün böyük utanc hissi keçirirəm. “Ankaragücü” klubuna, azarkeşlərinə, içində olduğum camiəyə və ailəmə daha çox zərər gəlməməsi üçün bu andan etibarən “Ankaragücü” prezidentliyindən istefa verirəm. Ümid edirəm ki, hər kəsdən çox mənim qəbul edə bilməyəcəyim bu olay, başda futbol camiəmiz olmaq üzrə idman həyatımızın yanlışlardan, əskiklərdən, şiddət mədəniyyətindən təmizlənməsi üçün bir səbəb təşkil edər. Eyni zamanda mənim səbəb olduğum bu vahiməli olay səbəbilə Türkiyə futbolunun struktur problemlərinin daha real şəkildə müzakirə olunacağına ümid edirəm”.

Başda “Ankaragücü” azarkeşləri olmaqla hər kəsdən bir daha üzr istəyən Faruk Koca, “İstər idarə etdiyim klubun, istər futbol ictimaiyyətinin, istərsə də ölkəmizin belə bir hadisə və imiclə yadda qalması məni dərindən kədərləndirdiyinin bilinməsini istərdim” deyib.

Vəkil Murat Bayramoğlu da Kocanın çox üzgün olduğunu bildirib.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: