“Qarabağ” üçün Avroliqada iki yol: davam, ya tamam?

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində sonuncu – altıncı matçına çıxacaq.

Arena.az xəbər verir ki, H qrupunda yer almış Azərbaycan çempionu doğma meydanda İsveçin “Hakken” komandası ilə qarşılaşacaq.

Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək. Qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

“Hakken” ilk dəfə vəsiqə qazandığı Avroliqanın qrup mərhələsində uğursuz çıxışı ilə diqqət çəkir. Komanda buna qədər keçirdiyi bütün oyunlardan məğlub ayrılıb. Elə Azərbaycan çempionu ilə ev oyunu da bu komandanın 0:1 hesablı məğlubiyyəti ilə başa çatmışdı. İndi onlar ən azından son turda xal və ya xallar qazanmağa ümid edirlər. Amma təmsilçimiz Avropa Liqasında qalmaq və pley-offa vəsiqə qazanmaq üçün bu rəqibinə mütləq qalib gəlməlidir. Əks halda komandamızın Avroliqanı tərk edib, mübarizəni Avropa Konfrans Liqasında davam etdirməsi ehtimalı var.

Düzdür, bu gün H qrupunun digər oyununda Norveç “Molde”si əvvəlki bütün oyunlarından qalib ayrılmış lider “Bayer”ə (Almaniya) uduzsa, Bakıdakı matçın istənilən nəticəsi “Qarabağ”ı növbəti mərhələyə çıxaracaq. Lakin işi şansa buraxmamaq üçün Qurban Qurbanovun yetirmələri doğma meydanda baş tutacaq qrup mərhələsinin son matçından mütləq qalib ayrılmalıdır. Bunun həm ölkə, həm də klubun öz reytinqinə müsbət təsiri də unudulmamalıdır.

Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr

21:45. “Qarabağ” – “Hakken”
Baş hakim: Yucin Caya (Albaniya).
Baş hakimin köməkçiləri: Doyando Miftari, Reydi Avdo (Albaniya).
Dördüncü hakim: Olsion Yzeyray (Albaniya)
VAR: Luka Payretto (İtaliya).
AVAR: Valerio Marini (İtaliya).
Hakim inspektor: Alan Mario Sant (Malta).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xal: Bayer – 15. Qarabağ – 7. Molde – 7. Hakken – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: