“Bayern”in veteran hücumçusu Tomas Müller Almaniya nəhəngi ilə razılığa gələrək, müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən məlumat verir.
Tərəflər müqavilənin müddətini 2025-ci ilin iyun ayının sonuna qədər uzadıblar. Əvvəlki müqavilə isə 2024-cü ilin iyun ayının sonunda başa çatacaqdı.
Tomas Müller “Bayern”in yetirməsidir. Müller 2009-cu ilin iyulundan “Bayern”in əsas heyətində çıxış edir.
Cari mövsümdə veteran hücumçu “Bayern”in heyətində 18 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.
Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 126 oyuna çıxıb, 45 qol vurub, 40 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı veteran Tomas Mülleri 10 milyon avro məbləğində qiymətləndirir.



