DÇ-2024: Azərbaycan millisi qrup sonuncusu oldu

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı yığmamız A qrupunun sonuncu turunda Niderland seçməsinin qonağı olub.

Komandamız bu seçmə mərhələdə cəmi bir qələbə qazanmışdı ki, o da 2-ci turda Niderlandla ev oyununa təsadüf etmişdi. Millimiz doğma meydanda qarşılaşdığı bu rəqibini 6:1 hesabıyla üstələmişdi. Futzalçılarımız eyni uğuru səfərdə də təkrarlamaqla qrup ikinciliyini ələ keçirməyi hədəfləmişdilər. Lakin bunun üçün Rumıniya yığmasının da itkisiz irəliləyən Qazaxıstanla matçda xalsız qalması şərt idi.

Bu oyundan öncə həm Azərbaycan millisinin, həm də Rumıniya yığmasının 4 xalı vardı. Millimiz dördüncü, rumınlar isə üçüncü pillədə qərarlaşmışdılar. A qrupuna 15 xalı olan Qazaxıstan yığması rəhbərlik edirdi. Niderland yığması isə 6 xalla ikinci sırada yer almışdı.

“Almere” şəhərində keçirilən bu matçı Litvadan olan hakimlər briqadası idarə edib. Bu dəfə də uğursuz çıxış edən millimiz yekunda 0:3 hesablı məğlubiyyətə üzülüb. Nəticədə, Azərbaycan millisi dünya çempionatına vəsiqə uğrunda mübarizəni dayandırıb.

Xatırladaq ki, komandamız bu seçmə mərhələnin digər oyunlarında Qazaxıstan yığmasına evdə 2:4, səfərdə 2:3 hesabıla uduzmuşdu. Yığmamız Rumıniyaya da səfərdə 1:3 hesabıyla məğlub olmuşdu. Bu rəqiblə doğma meydanda baş tutan oyunda isə heç-heçə qeydə alınmışdı – 5:5.

Bu gün qrupun digər oyununda Qazaxıstan yığması Rumıniyaya 2:0 hesabıyla qalib gələrək mərhələni maksimum nəticə ilə başa vurub.

DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
20 dekabr

Niderland – Azərbaycan 3:0
Qollar: Abdessamad Attahiri, 0:54. Said Buzambu, 9:43. Tevfik Ceyar, 37:23.
Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva).
Timekeeper: Joern Te Kloeze (Niderland).
Hakim-inspektor: Karel Henyiç (Çexiya).
UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya).
Almere. “Topsportcentrum Arena”. Saat 21:30.

Xal: Qazaxıstan – 18. Niderland – 9. Rumıniya – 4. Azərbaycan – 4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: