Tom Lokyer kardioverter-defibrillyator ilə təchiz edildi

Premyer Liqa təmsilçisi “Luton Taun”un kapitanı, uelsli mərkəz müdafiəçisi Tom Lokyer kardioverter-defibrillyator ilə təchiz edilib.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İngiltərə Premyer Liqasının 17-ci turunun “Bornmut”la oyununda ürək tutması keçirmiş Tom Lokyerə implantasiya edilə bilən kardioverter-defibrillyator (İKD) qoyulub.

“Kapitanımız Tom Lokyerin çərşənbə günü xəstəxanadan çıxdıqdan sonra öz evinin rahatlığında bərpa dövrünə başladığını elan etməkdən məmnunuq. Bu həvəsləndirici xəbər çərşənbə axşamı uğurlu bir prosedurdan sonra Tomun şənbə günü baş verən hadisənin təkrarlanmasının qarşısını almaq üçün İKD ilə təchiz edildiyindən sonra gəldi.

Klub, Tom və Lokyer ailəsi bu fürsətdən istifadə edərək, “Bornmut”dakı hər kəsə, onların azarkeşlərinə, klub rəsmilərinə və xüsusən də onların tibbi heyətinə və özünü meydanda Toma ilk çatdırmış yarımmüdafiəçi Filip Billinqə bir daha ürəkdən kollektiv təşəkkürünü bildirmək istərdi.

Təsdiq edə bilərik ki, bu həftə aparılmış yoxlamalar Tomun şənbə günü yaşadığı fəsadın may ayında əzab çəkdiyi atrial fibrilasiyadan fərqli olduğunu göstərib”, – klubun rəsmi saytında deyilir.

Xatırladaq ki, 2021-ci ildə 2020-ci il Avropa çempionatının Danimarka və Finlandiya yığma komandaları arasında keçirilmiş oyunda (0:1) danimarkalı Eriksenin də futbol meydanında ürəyi dayanmışdı. Eriksenə də kardioverter-defibrillyator quraşdırılıb.

Yeri gəlmişkən qeyd edək ki, baş verən bu hadisəyə görə təxirə salınmış “Bornmut” – “Luton Taun” matçının aqibətinə də aydınlıq gəlib. Premyer Liqa rəhbərliyi bu oyunun yenidən keçirilməsinə qərar verib. Matçın nə vaxt keçiriləcəyinə isə daha sonra qərar veriləcək. Qarşılaşma 59-cu dəqiqədə, hesab 1:1 olarkən dayandırılsa da, liqa rəhbərliyi oyunun qaldığı yerdən davam etdirilməsini məqsədəuyğun saymayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: