20 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi (U-20) Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Arena.az xəbər verir ki, 10-14 yanvar aralığında Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək yarışda ümumilikdə 5 ölkənin yığma komandası mübarizə aparacaq.
Azərbaycan millisi bu yarışda Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə qarşılaşacaq. Artıq millimizin bu rəqiblərlə oyunlarının təqvimi də müəyyənləşib. Komandamız ilk matçını yanvarın 11-də Estoniyaya qarşı keçirəcək. Sonuncu matçımız isə ayın 14-də meydan sahibi Polşaya qarşı olacaq.
Qeyd edək ki, yarış AÇ-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Millimizin oyunlarının təqvimi açıqlandı:
11 yanvar
23:00. Azərbaycan – Estoniya
12 yanvar
20:00. Azərbaycan – Ukrayna
13 yanvar
23:00. Azərbaycan – Latviya
14 yanvar
20:00. Azərbaycan – Polşa


